Tarix

Tarix

 

Azərbaycan Teatr Xadimləri İttifaqı

"Novoye obozreniye" qəzeti (12 noyabr 1897-ci il) yazır:"Bakıda ilk dəfə Artistlər İttifaqı təşkil edilmiş və bu İttifaq 300-dək artist və səhnə həvəskarını əhatə etmişdir. Üzvlük haqqı ildə 6 manat təşkil etmişdir". 
Qulam Məmmədli. "Azərbaycan тeatrının salnaməsi. 1850-1920". səh. 82

 

Azərbaycan Teatr Xadimləri İttifaqı Qafqazın ən qocaman yaradıcılıq təşkilatıdır. XIX əsrin sonlarında əsası qoyulmuş quruma Azərbaycan səhnə ustaları ilə bərabər o zamanlar Bakıda fəaliyyət göstərən əcnəbi aktyorlar da üzv olmuşlar.

1897-ci ildə «Artistlər İttifaqı» adı ilə yaranmış birlik 1917-ci ildən «Müsəlman Artistləri İttifaqı», 1920-ci ildən «Türk Aktyorlar İttifaqı», 1945-ci ildən «Azərbaycan Teatr Cəmiyyəti» kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır.

İttifaqın sələfləri olmuş teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir  və Zülfüqar Hacıbəyli qardaşları, Abbasmirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər.

Sonralar Teatr Cəmiyyətinə Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov, Azər Paşa Nemətov rəhbərlik etmişlər. 

XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır.

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı öz Nizamnaməsinə əsaslanaraq, milli teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, beynəlxalq əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, vəfat etmiş ustad sənətkarların adlarının əbədiləşdirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, İttifaqın sələfi olmuş Azərbaycan Teatr Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri olan nəşriyyat işinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Milli teatr prosesində fəal iştirak edən AzTXİ özünün uzun illik tarixi boyu Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif formatlı teatr festivalları, müsabiqə və sərgilər təşkil etmişdir. Bu tədbirlərin sırasında görkəmli sənətkarlar Mustafa Mərdanov və Zəfər Nemətovun təşəbbüsü və gərgin əməyi ilə 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı bütün dünyanın diqqətini ölkəmizə yönəltmişdi.

Ötən əsrin sonlarından başlayaraq keçirilən dörd "Monotamaşa", iki "Him-cim" (Pantamim), iki "Eksperimental tamaşalar", iki "2+1" Eksperimental teatr festivalı, "Festivallar festivalı", "Milli klassika", Mədəniyyət Nazirliyi ilə birlikdə gənc rejissorların "Yeni teatr" Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, "Beynəlxalq Çexov Festivalının "İpək yolu" mərhələsi", "Boş məkanın dolğunluğu", görkəmli qiraət ustaları Həsən Əbluc və Müxlis Cənizadənin xatirələrinə həsr edilmiş bədii qiraət müsabiqələri, teatr rəssamlarının I Biyennal sərgisi və s. irimiqyaslı tədbirlər ölkəmizin teatr həyatında xüsusi canlanma yaratmış, istedadlı gənclərin yetişməsinə təkan vermişdir.

Yaradıcı insanları ruhlandırmaq məqsədi ilə İttifaqın sədri Azər Paşa Nemətovun təşəbbüsü ilə bir sıra mükafatlar təsis edilmişdir. «Qızıl Dərviş» mükafatı, «Teatr Xadimi» qızıl  və gümüş medalı, «Səhnə işığı» prizi, «Sənətkar» medalı və s. mükafatlar İttifaq tərəfindən teatr tarixində müstəsna xidmətləri olan sənətkarlara verilmişdir.

Azərbaycan Teatr Xadimləri İttifaqı müasir dövrün yetirməsi olan yeni teatrların inkişafına, onların yaradıcılıq səviyyəsinin artmasına xüsusi diqqət yetirir, teatrlara mənəvi yaradıcılıq dəstəyi verir, gənc istedadların öz potensialını nümayiş etdirməsinə imkan yaradır. İttifaqın I "Him-Cim" Pantamim festivalında sənət meydanına atılmış "Dəli yığıncağı" teatr studiyasının əsasında yaranmış Dövlət Pantamima teatrı, Dövlət Gənclər Teatrı, Bakı Kamera Teatrı, yeni teatr düşüncəsinin daşıyıcısı kimi tanınan Dövlət "Yuğ" teatrı, Bakı Marionet teatrı və digər kollektivlər çağdaş cəmiyyətin tələbləri ilə ayaqlaşmaqla, müasir dünya teatrının aparıcı istiqamətlərindən bəhrələnərək milli teatr dünyasına yeni nəfəs gətiriblər.

Teatr Xadimləri İttifaqı nəşr işlərinə də xüsüsi önəm verir. Son dövrdə milli teatr sənətinin təbliği üçün vacib olan bu sahədə əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş «Azərbaycan teatr dünyası», görkəmli aktyor və rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin, Xalq artisti, rejissor Məhərrəm Haşımovun, SSRİ xalq artisti Hökümə Qurbanovanın, Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin, SSRİ Xalq artisti Qəmər Almaszadənin, görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileylərinə həsr olunmuş «Ömrün səhifələri» seriyasından kitablar, Ukrayna, MDB və Avropa məkanında tanınmış teatrşünas-alim Nelli Korniyenkonun bir çox xarici dillərə tərcümə olunmuş «Ukrayna teatrı üçüncü minilliyin astanasında» adlı tədqiqat əsəri, Əməkdar rəssam Arif Əbdürrəhmanovun «Teatrda rəssamın rolu», Xalq artisti Həsənağa Turabovun 75 illiyi münasibəti ilə «Bitməyən əfsanə», SSRİ Xalq artisti Mehdi Məmmədov və Əməkdar incəsənət xadimi Zəfər Nemətovun «Rejissor işi haqqında» (latın qrafikası ilə, yeni redaksiyada) kitablarını çap etdirmişdir. Həmin əsərlər Beynəlxalq təşkilatlara və ölkə kitabxanalarına verilmişdir. Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibəti ilə nəşr edilən kitab dramaturqun Parisdə, UNESCO-da keçirilən yubileyində İttifaq tərəfindən tədbir iştirakçılarına təqdim olunmuşdur.

İttifaqın teatrın inkişafı istiqamətində gördüyü əhəmiyyətli işlərdən biri də 2008-ci ildə "Zəfər" teatr studiyasının yaradılması və Xalq artisti, professor Azər Paşa Nemətovun müəllifi olduğu, Azərbaycanda ilk antrepriz tamaşalar – Q.Səidin "Əli və Nino", U.Şekspirin "Afinalı Timon" və "On ikinci gecə" tamaşaları cəmiyyətdə böyük əks-səda doğurmuşdur.

M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar «Axundzadə dərsləri» keçirərək, nəsrlə məşğul olan gəncləri ətrafına toplamış və onları dramaturgiya sahəsinə cəlb etməyə çalışmışdır. Həmin dərslərdə tanınmış dramaturqlar gənclərə «ustad dərsləri» keçib, onlara bu çətin sənətin sirlərini öyrətmişlər. Bunun nəticəsi olaraq artıq 4 gənc dramaturqun, 3 teatrşünasın, 2 rejissorun əsərləri Beynəlxalq Teatr Xadimləri Konfederasiyasının keçirdiyi «MDB, Gürcüstan və Baltikyanı ölkələrin gənc teatr xadimlərinin işlərinə baxış» müsabiqəsinə göndərilmişdir.

2014-cü ildə İttifaqda görkəmli sənətkar, Xalq artisti Mustafa Mərdanovun adını daşıyan səhnənin yaradılması da milli teatr prosesinin inkişafına dəyərli xidmətin nümunəsidir. İlk dəfə sənətkarın 120 illik yubileyi münasibəti ilə "Mənim xatirələrim, mənm müasirlərim" tamaşası ilə açılışı olan Mustafa Mərdanov səhnəsində "Qaçaq qocalar" (E.Hüseynbəyli), "Stullar" (E.İonesko), "Sonluğun sonu" (R.Ağayev), "Aktyor əbədiyyətə qovuşanda" (M.Havran) və s. tamaşalar oynanılmış, anım günləri, yubileylər, görüşlər və müxtəlif formalı digər tədbirlər keçirilmişdir. AzTXİ yaradıcı gəncliyin inkişafını daim nəzər-diqqətində saxlayır və onlara öz yaradıcılıq imkanlarını üzə çıxarmaq, beynəlxalq layihələrə qatılmaq üçün şərait yaradır.

Yeni başlanğıclara dəstək verən İttifaq gənc dramaturq, aktyor, rejissor və teatrşünaslarının laboratoriyasını açmışdır. Burada tanınmış sənətkarlardan ustad dərsləri nəticəsində laboratoriya iştirakçıları İttifaqın təqdimatı ilə müxtəlif illərdə MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin Teatr forumunda iştirak etmişlər. Dramaturq, teatrşünas, rejissor və rəssamların yaradıcılıq nümunələri Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nəşr etdirdiyi topluda çap olunmuşdur.

"Rejissor laboratoriyası"nda keçirilən məşğələlər nəticəsində müxtəlif teatrlarda çalışan gənc rejissorların tamaşalarını əhatə edən "Rejissor laboratoriyası"nın festivalı ölkə tamaşaçılarının və Beynəlxalq Teatr İttifaqları Konfederasiyası Ekspert Şurasının mühakiməsinə təqdim olunmuş, uğurlu nəticələr əldə edilmişdir.

Laboratoriyada hazırlanmış E.Hüseynbəylinin "Qaçaq qocalar" tamaşasının iştirakçıları beynəlxalq teatr festivallarında böyük müvəffəqiyyətlə çıxış edərək mükafatlandırılmışlar.

UNESKO-nun Beynəlxalq Teatr İnstitutu Azərbaycan Milli Mərkəzinin prezidenti Azər Paşa Nemətovun rəhbərliyi ilə beynəlxalq əlaqələr istiqmətində əhəmiyyətli irəliləyişlərə nail olan İttifaq Beynəlxalq Teatr İnstitutu tərəfindən keçirilən konqres və simpoziumlarda iştirak etmiş, Beynəlxalq Teatr İttifaqları Konfederasiyası ilə geniş əməkdaşlığa nail olmuşdur. İttifaqın təklifi ilə Beynəlxalq Çexov Festivalının "İpək yolu" mərhələsinin ölkəmizdə keçirilməsi ilə paytaxt tamaşaçıları dünyada məşhur olan 3 möhtəşəm tamaşaya - Fransadan "Aureliyanın oratoriyası, Kanadanın Eluaz sirkinin "Yağış", Rusiya və Belorusiyanın birgə layihəsi olan, Belorusiya Akademik Dram Teatrının "Toy" tamaşalarına 12 gün müddətində baxmaq imkanı əldə etmişlər.

Bu gün Teatr Xadimləri İttifaqı təməli ötən əsrin 60-cı illərində qoyulmuş, ulu öndər Heydər Əliyevin himayədarlığı, Xalq artisti Mustafa Mərdanov və Əməkdar incəsənət xadimi Zəfər Nemətovun təşkilatçılığı və gərgin zəhməti bahasına başa gəlmiş, İttifaqın vəsaiti hesabına tikilərək 1971-ci ildə istifadəyə verilmiş binada (Bakı şəhəri, Xaqani küçəsi, 10) fəaliyyət göstərir. Tarixi ənənələrini qoruyub saxlayan, fəaliyyətini əzmlə davam etdirən Teatr Xadimləri İttifaqının rəhbərliyi və işçi heyəti Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılması, nəsildən-nəslə ötürülməsi istiqamətində apardığı tarixi mübarizədə daim ön cərgələrdə olmuşdur və bundan sonra da milli mədəniyyətimizin mühüm tərkib hissəsi olan teatr sənətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.