27 oktyabr 2025-ci il
ASAN könüllüləri “Zəfər qoxulu 5 il” tamaşasını təqdim ediblər.
Qeyd edək ki, bu günədək “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 100-dən çox səhnə əsəri nümayiş olunub, 650-dən artıq ustad dərsi keçirilib. Proqram gənclərin yaradıcılıq potensialının inkişafına və mədəni dəyərlərin təbliğinə mühüm töhfə verir.
"Zəfər qoxulu 5 il" tamaşasını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri - İttifaq sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavini, Əməkdar artist Azad Şükürov, İttifaqın Aktyor laboratoriyasının rəhbəri Məhəmməd Verdizadə, ASAN könüllüləri və digər qonaqlar seyr ediblər.
25 ASAN könüllüsünün iştirakı ilə hazırlanan səhnə əsəri vətənpərvərlik ruhunu təbliğ etmək, şəhidlərin əziz xatirəsini yad etmək və tarixi Zəfərin əhəmiyyətini gələcək nəsillərə sənət dili ilə çatdırmaq məqsədi daşıyıb.
Tədbirin sonunda qonaqlar çıxış edib, tədbirin əhəmiyyətindən, tamaşada iştirak edən gənclərin sənətə vurğunluğundan danışıb, onlara uğurlar arzulayıblar. Sonda könüllülər təltif edilib və xatirə şəkilləri çəkilib.

