6 mart 2026-cı il
Ağdam Teatrı Bakıda
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” (rejissor Fuad Cavadzadə) tamaşasının Bakı premyerası gəstərilib.
Tamaşadan əvvəl Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov və Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tamaşaçıları salamlayıb, onlara Ağdam Dövlət Dram Teatrının tarixindən, keçdiyi çətin və şərəfli inkişaf yolundan danışıblar.
Çıxışlardan sonra səhnə aktyorların ixtiyarına verilib.
Yeni yaradıcılıq işində aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva , Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Tural Yusifov, Behbud Əsgərov, Turan Nərimanov, Yusif Ziyadlı iştirak ediblər.
Tamaşanın quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.
Gənc rejissorun yenilikçi baxış bucağı ilə yaradıcı və innovativ yanaşması əsasında hazırlanan səhnə əsəri paytaxt tamaşaçılarının rəğbətini qazanaraq böyük maraq, coşqu və alqışlarla qarşılanıb.
Tamaşa Mədəniyyət kanalı vasitəsilə canlı yayımlanıb.

