19 oktyabr 2026-cı il
Beynəlxalq Teatr Akustikası Məktəbində iştirak edən gənc sənətçilərlə görüş
Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Beynəlxalq Teatr Akustika Məktəbinin yekun mərhələsində Azərbaycanı təmsil edəcək gənc sənətçilərlə görüş keçirilib.
Görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, məsul katib Aidə Qafarova və beynəlxalq məsələlər üzrə katib Lalə Məmmədova iştirak ediblər.
Səmimi şəraitdə keçən görüşdə gənc sənətçilərlə Beynəlxalq Teatr Akustika Məktəbinin əhəmiyyəti, beynəlxalq layihələrin peşəkar inkişaf, yaradıcılıq təcrübəsinin zənginləşdirilməsi və müxtəlif ölkələrin teatr mühitləri arasında əlaqələrin genişləndirilməsi baxımından rolu barədə söhbət aparılıb.
İttifaq rəhbərliyi gənc sənətçilərə onların qarşıdakı mərhələdə iştirakına dair məsləhətlər verib, beynəlxalq platformalarda Azərbaycan teatr sənətini layiqincə təmsil etməyin məsuliyyətini vurğulayıb. Gənclərə yaradıcılıq axtarışlarında fəal olmaq, yeni bilik və təcrübələr qazanmaq, digər ölkələrin teatr ənənələri ilə yaxından tanış olmaq və əldə etdikləri təcrübəni Azərbaycan teatrının inkişafına yönəltmək tövsiyə olunub.
Görüşün sonunda İttifaq rəsmiləri gənc sənətçilərə Səmərqənddə keçiriləcək yekun mərhələdə uğurlar arzulayıb, onların ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcəklərinə və Azərbaycan teatrının zəngin yaradıcılıq potensialını nümayiş etdirəcəklərinə inam ifadə ediblər.

