24 yanvar 2026-ci il
Aktrisa Mətanət Eresin yubileyi
Şuşa Dövlət Musiqili Dram Teatrında aktrisa Mətanət Eresin yubileyi qeyd edilib. Bu münasibətlə yubliyarın əsas rollardan birini ifa etdiyi, M.F.Axundzadənin "Sərgüzəşti-Vəziri-Xanı-Lənkəran" tamaşası oynanılıb.
Tamaşadan öncə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov Mətanət xanımı təbrik edib, onu Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırıb.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Azad Məmmədov, Teatrın baş rejissoru Anar Sadıqov, Teatr Həmkarlar İttifaqı Komitəsinin sədri, Xalq artisti Şükufə Musayeva, Şuşa Rayon İcra Hakimiyyətinin sektor müdiri Natiq Mahmudov çıxış edərək yubliyara yaradıcılıq uğurları arzulayıblar. Mətanət Eres teatr rəhbərliyinin Fəxri fərmanı və Həmkarlar İttifaqı Komitəsinin Diplomu ilə mükafatlandırılıb.
Sonda aktrisa tamaşaçılara və qonaqlara öz təşəkkürünü bildirib.

