20 aprel 2026-cı il
Xalq artisti Nəsibə Zeynalovanın yubileyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın 110 illik yubileyi qeyd olunub.
Yubileydə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Nəsibə xanımın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, ADMİU-nun Aktyor sənəti kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Baxşıyeva, Xalq artisti Yasin Qarayev, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli Nəsibə Zeynalovanın zəngin həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən danışıblar.
Çıxışlararası Nəsibə xanıma həsr olunmuş vodeoçarx nümayiş etdirilib, sənətkarın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər təqdim olunub.
Ailə üzvləri adından çıxış edən Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Novruzova tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkilib.

