12 aprel 2026-cı il
Əməkdar artist Nazir Rüstəmovun yubileyi
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Nazir Rüstəmovun 70 illik yubileyi qeyd edilib. Bu münasibətlə Şuşa Teatrında yubilyarın quruluşçu rejissoru olduğu və əsas rollardan birini ifa etdiyi Zemfira Məhərrəmlinin “Ümid işığı” tamaşası oynanılıb.
Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər – Şuşa Teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi və Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qabil Kazımov, Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrı direktorunun vəzifə səlahiyyətlərini icra edən Azad Məmmədov, Əməkdar jurnalist, yazıçı-publisist, Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zemfira Məhərrəmli, Şuşa Teatrının aktrisası, Xalq artisti Şükufə Musayeva, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir və başqaları çıxış edərək yubilyara yaradıcılıq uğurları arzulayıbar.
Teymur Məmmədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təbrik məktubunu oxuyub.
Nazir Rüstəmov Azərbaycan Teatr Xadimləri İttifaqının “Təbrik teleqramı” və “Teatr fədaisi” medalı, Şuşa Dövlət Musiqili Dram Teatrı rəhbərliyinin Fəxri fərmanı, Teatrın Həmkarlar İttifaqı Komitəsinin Fəxri diplomu, eləcə də Şuşa Rayon İcra Hakimiyyətinin Təşəkkürnaməsi ilə təltif olunub.
Sonda Nazir Rüstəmov tamaşaçılara və qonaqlara dərin təşəkkürünü bildirib.

